Bərpa mərkəzləri şəbəkəsi genişlənəcək

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri davam edir. Cari ilin ilk yarımili ərzində Pansionatın  istifadəyə verilməsi nəzərdə tutulur.

Nazirlikdən “Rubin.az”-a verilən məlumata görə,bu il Sumqayıt, Yevlax və Naftalan şəhərlərindəki Əlillliyi olan şəxslərin Bərpa Mərkəzlərinin də əsaslı təmir və yenidənqurmadan sonra açılışı planlaşdırılır. Qeyd olunan müəssisələrdə əlilliyi olan şəxslər bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar.

Yeni müəssisələrin istifadəyə verilməsi əliliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi işlərini daha da gücləndirəcək.

Eyni zamanda, 2019-cu ildə Xidmətin Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında, Şəki, Lənkəran, Xaçmaz və Şirvan şəhərlərindəki Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.

Xatırladaq ki, ötən il Xidmətin bərpa müəssisələrində 11,9 min nəfərə  reabilitasiya xidmətləri göstərilib. Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 9,3 min nəfər əlilliyi olan şəxs  protez-ortopedik xidmətlərlə təmin edilib, onlara 35,3 min reabilitasiya vasitəsi verilib.