Bu gün müstəqil dövlətimizin güclü ordusunun olması təsadüfi deyil. Məlumdur ki, XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə xalqımız rus imperializminin əsarətindən xilas olaraq Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların dövlət quruculuğu istiqamətində ilk tədbirlərindən biri müstəqil dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu. Vaxtın az, düşmənin isə çox yaxında olduğu ziddiyyətli, təbəddülatlarla dolu bir zamanda ordu quruculuğuna başlandı və qısa müddətdə bir sıra uğurlar qazanıldı: Bakı erməni-daşnak işğalından azad edildi, Qarabağda erməni quldur dəstələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirildi. Təəssüf ki, Xalq Cümhuriyyəti 23 ay yaşadı və bu qısa müddət ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsinə imkan vermədi. Buna baxmayaraq, hələ yeni formalaşmaqda olsa da, o zaman Azərbaycan Ordusu axıradək düşmənə layiqli cavab verdi.
Azərbaycan 1991-ci ildə ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra da xalqımızı 1920-ci ildəki aqibət gözləyirdi. Azərbaycanı daim əsarət boyunduruğunda saxlamaq istəyən imperiyasevən qüvvələr ölkəmizi müstəqillikdən məhrum etmək üçün əvvəlcədən düşünülmüş şəkildə süni Qarabağ problemini yaratdılar. Bunun da əsasında Azərbaycanı uzun sürən dağıdıcı müharibəyə cəlb etdilər. O zaman ermənilər artıq öz ordularını yaradıb əsgərlərə hərbi bilet verdiklərini ittifaqın mərkəzi televiziya kanalının proqramlarında nümayiş etdirəndə Azərbaycanda ov tüfəngləri də yığılırdı və ordu sözünü dilinə gətirmək yuxarılar tərəfindən qadağan edilirdi. Xalqımız başsız, silahsız qalmışdı, torpağımızı qorumaq üçün əlimizdə yabadan və baltadan başqa heç nə yox idi. Havadarları tərəfindən təpədən-dırnağadək silahlandırılan düşmənin qarşısında durmaq mümkün deyildi.
1991-ci ilin sonlarından başlayaraq Azərbaycan milli ordusunun yaradılması istiqamətində ilkin addımlar atılsa da, bu proses çox bərbad vəziyyətdə gedirdi. Silahlı qüvvələr Müdafiə Nazirliyinin deyil, ayrı-ayrı siyasi partiyaların nəzarətində idi. Həmin partiyalar silahlı birləşmələri milli mənafelər uğrunda deyil, öz maraqları naminə, hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar.
Çox təəssüf, müharibənin ilkin dövrlərində Azərbaycan xalqı özünün dahi oğlundan, görkəmli dövlət xadimi Heydər Əliyevdən uzaq düşmüşdü. Həmin keşməkeşli, ağır günlərdə isə ölkəni düzgün istiqamətdə apara biləcək ikinci bir lider yox idi. Nəhayət, ölkəyə rəhbərlik edənlər öz səriştəsizlikləri ilə Azərbaycanı məhvolma həddinə çatdırdılar ki, bununda nəticəsi olaraq bir birinin ardınca Dağlıq Qarabağ və onun ətrafında bir neçə rayon mənfur düşmən tərəfindən işğala məruz qaldı. Belə çətin bir zamanda xalq özünün yeganə və düzgün qərarını verdi: Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdışı və hakimiyyət sükanını öz əlinə alması təkidlə tələb edildi.
Heydər Əliyevin xalqın arzusu ilə ölkə rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyin digər təsisatları kimi vahid komandanlığa əsaslanan mütəşəkkil ordunun yaradılmasının da əsasını qoydu. Bu istiqamətdə ulu öndərin atdığı ən uğurlu addımlardan biri bütün silahlı dəstələrin buraxılması, onların silahlarının, texnikalarının, habelə əhalidə olan silah-sursatın yığılması oldu.
Hamımız o ağır dövrü yaşamış, baş verən hadisələrin şahidləri olmuşuq. Amma ötən illərə nəzər saldıqda ölkəmizin ulu öndər Heydər Əliyevin ideyalarının təcəssümü olaraq digər istiqamətlərdə olduğu kimi, hərbi sahədə də necə böyük inkişaf yolu keçdiyini görmək olar. Ən nəhayət, keçirilən hərbi paradlar Azərbaycanın modern silahlı qüvvələrinin olduğunu bütün dünyaya nümayiş etdirməklə yanaşı, ölkə əhalisinin hakimiyyətə etimadını, gələcəyə olan inamını daha da möhkəmləndirir. Təşkil olunan hərbi paradlardan sonra dostlarımız sevinir, düşmənlərimiz isə məyus olurlar. Dünya bir daha şahid olur ki, Azərbaycan xalqı hər şeyə qadirdir.
Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin Mingəçevir şəhərinə səfəri zamanı Silahlı Qüvvələrin “N” saylı yeni hərbi hissəsinin açılışında etdiyi çıxışında ordu quruculuğu ilə bağlı çox dəyərli fikirlər söyləyərək bildirdi ki, heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Ali Baş Komandanın böyük qürurla səsləndirdiyi bu sözlər hər birimizdə iftixar hissi doğurur. Doğrudan da, bu gün heç kim döyüş meydanında bizə iradə, diktə edə bilməz. Cənab Prezidentimiz bugün ölkəmizin müharibə şəraitində olduğunu birdaha qeyd edərək ordu qurculuğu ilə bağlı hər bir məsələnin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Bəli bugün Azərbaycanda hərbi şəhərciklərin, hərbi bazaların yenidən qurulması, hərbi hissələrdə əsgərlərin məişət şəraiti dünyanın aparıcı silahlı qüvvələrinin məişət şəraitinə uyğun qurulmuşdur. Görülən işlərin bariz nümunəsi olaraq deyə bilərik ki, bugün Müstəqil Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Cənab Prezident Ordu quruculuğunda görülən işlərin nəticəsi olaraq Ordumuz tərəfindən uğurlu Aprel döyüşlərini, Naxçıvan əməliyyatını qeyd edərək bildirmişdir ki, bugün Azərbaycan ordusu Qarabağa gedən strateji əhəmiyyətli yüksəkliklərə nəzarət edir. Bu Azərbaycan Ordusunun gücünün göstəricisidir. Cənab Prezident hərbiçilər qarşısında çıxışı zamanı vacib olan mövzulardan birinə bugün mənfur müxalifətin ölkəmizdə antimilli Azərbaycan siyasəti apardığını da xüsusən qeyd etdi. Cənab Prezident bildirdi ki, hələ 90 cı illərdə Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlməyə çalışırdı. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpağlarımız işğal altına düşüb. Səriştəsiz ve satqın müxalifət nümayəndələrinin kreslo davası nəticəsidir ki, Azərbaycanın 20 faiz torpağı bugün düşmən tapdağı altındadır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi və zamanında atəşkəs imzalaması bizi daha böyük itkilərdən xilas etdi. Ulu Öndər tərəfindən tarixin arxivlərinə ömürlük məhkum edilmiş mənfur müxalifətin bugün bəzi tör-töküntüləri ölkəmizin yüksələn inkişafına, ordu quruculuğuna qara yaxma kompaniyası qurmağa çalışırlar. Ancaq savadsız və xəyanətkar müxalifət anlamır ki, xalq onların xəyanətkar əməllərini 30 il əvvəl görərək onları dəfn edibdir.
Cənab Prezident mənfur düşmənimiz Ermənistan hökümətinin acınacaqlı vəziyyəti haqqında da danışaraq bugun Ermənistanda qaçaqmalçılığın məhz baş nazirin özü və ailəsi tərəfindən aparıldığını bildirmişdir. Cənab Prezident Ermənistan hökümətinin bugün rüşvətxor və korrupsioner bir vəzyetde olduğunu, bu halın bütün dünya tərəfindən bildiyini də xüsusi olaraq qeyd etmişdir. 20 ildən çox bir zamanda rüşvətxor dövlət rəhbərləri tərəfindən idarə olunan Ermənistan hökümətinin bugün acınacaqlı bir vəziyyətdə olduğunu diqqətə çatdırmışdır.
Cənab Prezidentin bizlər üçün qürur mənbəyi olan bu çıxışı bir daha bizi əmin etdi ki, ölkəmiz əmin əllərdədir. Bugün yaşından vəzifəsindən, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın əsgərdir. Onun ətrafında sıx birləşərək hər an döyüş əmrini gözləyir. Biz qısa zamanda İşğalda olan torpağlarımızı düşməndən azad edərək öz ərazi bütövlüyümüzü yeniden bərpa edəcəyik. Çünki bizim İlham Əliyev kimi rəhbərimiz var.
Fərid Vaqifli
Yevlaxlı gənc fəal