British Council və Britaniyanın Azərbaycandakı səfirliyi Bərdədəki 4 saylı orta məktəbdə Resurs və Təlim mərkəzi açıb.
“Rubin.az” Apa-ya istinadən xəbər verir ki, Resurs və Təlim Mərkəzinin açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp iştirak edib.
Açılış mərasimində bildirilib ki, Azərbaycanda hazırda mövcud olan 17 mərkəzdən ibarət şəbəkə daha da genişləndiriləcək. Yeni təlim mərkəzləri xüsusilə məcburi köçkün ailələrinin övladlarının təhsil aldığı məktəblərdə yaradılacaq.
Resurs və Təlim Mərkəzlərinin yaradılması gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üçillik proqramdır. Proqram çərçivəsində tələbələrin daha geniş dünyaya açılmasına kömək edən tənqidi düşüncə, problemlərin həlli, ünsiyyət və müzakirə bacarıqları da inkişaf etdiriləcək. İştirakçılar müxtəlif baxışlar və nöqteyi-nəzərlərlə qarşılaşmaq, vəziyyətləri təhlil etmək və fikirlərini ifadə etmək imkanına sahib olacaq.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bərdəli məktəblilərlə görüşdən məmnun olduğunu və təlim mərkəzinin ingilis dilinin inkişafı üçün çox mühüm əhəmiyyət daşıdığını deyib. “Ingilis dilinin öyrənilməsi həm ölkənin iqtisadi inkişafı üçün əhəmiyyət daşıyır, həm də bu gənclərin gələcəkdə həyatlarında mühüm əhəmiyyət kəsb edəcək. Bu layihənin əsas özəlliyi ondadır ki, layihə zamanı xüsusilə məcburi köçkün və qaçqın ailələrinə əhəmiyyət verilir. Biz bilirik ki, Qarabağ münaqişəsi zamanı bu ailələr nə qədər əziyyət çəkiblər. Azərbaycan hökuməti kifayət qədər böyük işlər görüb. Biz də bu sahədə dəstək göstərməyə çalışırıq. Bu günə qədər Bakıda və regionlarda 18-ə qədər bu cür təlim mərkəzinin açılışında iştirak etmişik. Biz həm də çalışırıq ki, bu layihələr davamlı olsun”.