Qazaxıstanlı politoloq: “Postsovet ölkələrinin prezidentlərinin Qərbdə əl sıxılan olmamaları Putin üçün faydalıdır”
Qazaxıstandakı vəziyyət, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının rəsmən geri çəkilməsinə və çıxarılmağa davam etməsinə baxmayaraq, bir sıra mühüm hadisələri göstərdi – Rusiya hələ də postsovet məkanında əsas rol oynayır. Reallıq budur ki, Qazaxıstandakı vəziyyətdən sonra Moskvanın bu ölkəyə və Mərkəzi Asiya regionuna təsiri dəfələrlə artıb.
Üstəlik, qeyd etmək lazımdır ki, bu hadisə Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda baş verib. Reallıq ondan ibarətdir ki, Ukraynanın taleyi sual altındadır və bununla da bütün postsovet məkanının taleyi sual altındadır. Bu məsələdə həm də Qərbin Ukraynanı ciddi şəkildə dəstəkləməməsi, sərt sanksiyaların tətbiq edilib-edilməməsi ilə bağlı ortaq fikrə sahib olmaması Moskvanın “əlinə oynayır”.
Kremlin aqressiv siyasətinin cəzasız qalması Rusiyaya daha çox şantaj etməyə və Qərbdən daha çox şey tələb etməyə imkan verən presedentlər yaradır. KTMT qoşunlarının Qazaxıstana daxil olmasını AYNA-ya şərh edən qazax politoloq Dosım Saptayev deyib ki, Putinə müraciət etmək Tokayevin strateji səhvi olub: “Bundan sonra Tokayev indi Putinə borcludur. Bəli, Putin Tokayevi Qazaxıstanda siyasi oyunçu kimi tanıdı, onun qüdrətini, nüfuzunu tanıdı, amma o, Putinlə bərabər deyil, borcludur. Ona görə də ölkənin çoxvektorlu olması məsələsi müəyyən qədər sual altında qalacaq”.
Analitikin sözlərinə görə, postsovet ölkələrinin prezidentlərinin Qərbdə əl sıxılmayan şəxslərə çevirilməsi Putin üçün sərfəlidir: “Onda həmin şəxslər dəstək almaq üçün Putinə tərəf qaçmalı olacaqlar. Putin üçün bütün postsovet məkanının Rusiyanın geosiyasi maraqları yolunda həyati əhəmiyyət kəsb etdiyini göstərmək və bunu heç kimlə bölüşmək niyyətində olmadığını nümayiş etdirmək çox vacibdir”.
“Müxtəlif rusiyalı ekspertlərlə söhbətlərimizdə onlar Putin üçün Qarabağda yaranmış vəziyyətdən sonra Ukrayna ətrafında vəziyyəti gərginləşdirməyin vacib olduğunu qeyd edirlər. Çünki Azərbaycanın hərbi uğurları və Türkiyənin bu cür dəstəyi Rusiyanı təəccübləndirdi. Yəni Rusiya hər şeyin bu qədər tez və səmərəli gedəcəyini gözləmirdi. Eyni zamanda, Rusiya da Paşinyanı dəstəkləmədi, ola bilsin ki, Ermənistanın Baş nazirini qərbpərəstliyinə görə cəzalandırdı. Amma düşünürəm ki, Ukrayna ölkənin şərqində faəliyyətini gücləndirəndə Rusiya düşünürdü ki, Ukrayna Azərbaycanın ardınca getmək və Donbass regionunda da bu effektiv texnikanı tətbiq etmək qərarına gələcək”, – deyə həmsöhbətimiz vurğulayıb.
Ekspert əlavə edib ki, Azərbaycanın nümunəsi Mərkəzi Asiya ölkələri üçün müsbət təcrübədir: “Bu təcrübə göstərdi ki, postsovet məkanında Rusiyanın ekspansionizminə müəyyən əks-tarazlıq var. Türkdilli ölkələr Türkiyə ilə fəal əməkdaşlıq edərsə, o zaman Rusiya bununla hesablaşmalı olacaq. Çünki Azərbaycanın Qarabağda apardığı uğurlu əməliyyatlar göstərdi ki, postsovet ölkələri Rusiyanın kiçik qardaşları deyil, müəyyən şərtlər daxilində güc nümayiş etdirə bilən oyunçulardır”.
“Türkiyə Mərkəzi Asiyada Rusiyaya əks-qüvvə ola bilər. Bu, həm də Çinə qarşı tarazlıq deməkdır. Həm etnik, həm dini, həm də mədəni bir çox amillər var. Bizə belə bir balans lazımdır. Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür və hesab edirəm ki, Türkiyə ilə Qazaxıstan uzunmüddətli əlaqələr quracaq”, – deyə Saptayev fikrini yekunlaşdırıb.(Moderator.az)