Xətaidə baş verən qəza ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, sözügedən qəza ilə bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlayıb, araşdırma aparılır.
10:04
Xətai rayonu 8 Noyabr prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, açıq kəllə-beyin travması və göz almasının qopması diaqnozu qoyulub. Sərnişin isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda isə qeyd olunub ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Kia” markalı minik avtomobilinin daş hasara çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2000-ci il təvəllüdlü Hüseynov Zeynal Yusif oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.