Azərbaycanda notarius ləğv edilir

Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

“Rubin.az” xəbər verir ki, fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Sözügedən fərmanda siyahıda qeyd olunan xidmət sahələrinin ən diqqətçəkəni notariat fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət də “Asan Xidmət”ə verilir.

Ötən gündən etibarən sosial şəbəkələrdə də müzakirə edilən əsas məsələ isə ölkədə fəaliyyət göstərən notariat kontorlarının ləğvi ilə bağlıdır.

Məsələni aydınlaşdırmaq üçün “Qafqazinfo” Ədliyyə Nazirliyinə müraciət edib.

Bildirilib ki, fərmanda da qeyd olunduğu kimi, bu xidmətlər Bakı şəhəri və “Asan Xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində tətbiq ediləcək. Bu da o deməkdir ki, məsələn, Kürdəmir rayonunda “Asan Xidmət”yoxdursa, orada notariat kontorlarının fəaliyyəti davam edəcək.

Bakıda bütün notariat kontorlarının fəaliyyətinin hamısının necə tənzimlənəcəyi məsələsi isə bu günlərdə dəqiq müəyyənləşəcək.

Bu arada bildirək ki, Bakı şəhərində 5 “Asan Xidmət”mərkəzi fəaliyyət göstərir. Onlar 1,2,3,4,5 saylı mərkəzlərdir.
Regionlarda isə ümumilikdə 10 “Asan Xidmət” mərkəzi var. Bunlar Sumqayıt, Gəncə, Bərdə, Sabirabad, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəkidə yerləşir.

Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı qeyd edib ki, bu xidmət Ədliyyə Nazirliyinin sistemində fəaliyyət göstərir: “Əhali əsasən mənzil və digər problemlərini həll etmək üçün notariuslara müraciət edir. Deməzdim ki, notariatlarda bu və ya digər xarakterli problemlərlə üzləşirlər. Çünki bunun təkmilləşməsinə ehtiyac var. Bu xidmətlərin də “Asan Xidmət”ə verilməsi yaxşı haldır. Çünki bu da xidmətin bir formasıdır”.

Qeyd edək ki, Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.