Müəllimlərin elektron sənəd qəbulunun müddəti uzadıldı

Mart ayı ərzində yaranan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul edilmiş müəllimlərin daimiləşmə müsabiqəsində iştirakının təmin edilməsi məqsədilə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən “Rubin.az”a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 13-19 mart tarixlərində http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə biləcəklər.

Nazirlər Kabineti yanında operativ qərargahın kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması ilə bağlı müvafiq tövsiyəsinə əsasən, daimiləşmə müsahibələrinin keçiriləcəyi tarix məlum deyil. Elektron sənəd qəbulu başa çatdıqdan sonra bu barədə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.