Prezident İlham Əliyev türkmənistanlı həmkarı ilə təkbətək görüşdü – Yenilənib

Azərbaycana rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.

“Rubin.az”  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

***

İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezidentlər görüşdə çıxış ediblər.

***

İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.