Fatma Yıldırımın təbliğat kampaniyası uğurla davam etdirilir

YAP Bərdə rayon təşkilatı tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar təbliğat kampaniyası uğurla davam etdirilir.
9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Yıldırım Fatma Vidadi qızı günün ilk yarısında mədəniyyət işçiləri ilə, günün ikinci yarısında səhiyyə işçiləri ilə görüş keçirmişdir.

“Rubin.az” xəbər verir ki,görüşləri YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirmişdir ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürmüşdür. Parlament seçkilərində “Daha güclü Azərbaycan naminə” şüarı ilə iştirak edən Partiyamız ən layiqli namizədləri irəli sürmüşdür və seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.
Görüşlərdə çıxış edən deputatlığa namizəd Fatma Yıldırım seçicilərə Yeni Azərbaycan Partiyasının platforması və öz fəaliyyəti haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Yeni Azərbaycan Partiyası tərəfindən ona böyük etimad göstərildiyini və bərdəli seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını qeyd etmişdir.
Görüşlərdə Səbuhi Yusifov, İlyas Hacıyev, Xosrov Musayev, Validə Nabatova, Əhliyyət Alıyev, Orxan İbrahimov, Fəqani Əliyev, Nizami Mehdizadə, Rafayıl Mustafayev, Mehdi Mehdizadə çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın Parlament seçkilərində qalib gələcəyinə əminliklərini ifadə etdilər.
Sonda Fəqət Şadlinskaya seçiciləri 9 fevral tarixindəki Milli Məclisə seçkilər günündə fəallığa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırmışdır.