İmtahanlarda ilk dəfə zal nəzarətçisi olacaq müəllimlər seminarlara cəlb olunub

 

Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi zal nəzarətçiləri üçün təşkil olunan seminar-məşğələləri başa çatdırıb.

Rubin.az-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 14-dən başlayaraq Quba, Qusar, Xızı, Şabran, Siyəzən və Xaçmazda bölmə əməkdaşları tərəfindən aparılan seminarlarda bu rayonlarda yerləşən ümumtəhsil müəssisələrindən cəlb edilən təcrübəsi az olan və zal nəzarətçisi qismində ilk dəfə iştirak edəcək müəllimlər iştirak ediblər.

Seminar‑məşğələlərdə əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır.

Məşğələlərdə, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə əsasən istifadə olunacaq cavab vərəqlərinin doldurulması, açıq tipli test tapşırıqlarının (kodlaşdırılması tələb olunan və yazılı formada cavablandırılması tələb edilən test tapşırıqları) cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılıb. Seminarlarda zal nəzarətçilərinin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib.

Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək.