Olimpiya İdman Komplekslərində idmançılar pulsuz məşqçilik xidməti, geyim və ləvazimatlarla təmin olunacaq

Azərbaycandakı Olimpiya İdman Komplekslərinə cəlb olunan uşaq və yeniyetmələr dörd idman federasiyası tərəfindən pulsuz məşqçilik xidməti, geyim və ləvazimatlarla təmin olunacaq. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən bu təşəbbüsə ilk olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Boks, Taekvondo və Cüdo Federasiyaları qoşulub. Gələcəkdə digər idman federasiyalarının da bu aksiyaya qoşulacağı gözlənilir.

“Rubin.az” Azərtac-a istinadən müxbiri xəbər verir ki, bu barədə avqustun 10-da YAP-nın təşəbbüsü və təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən kütləvi idman bayramında bildirilib.

Tədbirin əvvəlində rayon idmançılarının nümunəvi çıxışları təqdim olunub.

İdman bayramında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Ziyad Səmədzadə, deputatlar İlham Əliyev, Xanhüseyn Kazımlı, Rauf Əliyev, Azər Badamov, Yevda Abramov çıxış edərək tədbirin əhəmiyyətindən, həmçinin ölkəmizdə idman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən danışıblar.

Bildirilib ki, bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi də respublikamızın idman ölkəsi olduğunu sübut edir. Bu yarışların təşkili çoxlu sayda azarkeşin ölkəmizə təşrif buyurmasına, eyni zamanda, respublikamızda turizmin və iqtisadiyyatın inkişafına, Azərbaycanın dünyada daha da tanınmasına təkan verir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə idman və bədən tərbiyəsi sahəsində sürətli inkişaf prosesi gedib, böyük uğurlar əldə edilib. Bakıda və bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub.

2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edib. 50 ölkəni təmsil edən 6 min idmançının iştirak etdiyi Oyunlarda komandamız ümumi hesabda ikinci yeri tutub, 21-i qızıl olmaqla, 56 medal qazanıb. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan komanda hesabında birinci yeri tutub.

Çıxışlarda qeyd olunub ki, bu cür kütləvi idman tədbirləri uşaqların idmana olan marağını artırır, fiziki və mənəvi sağlamlığını təmin edir.

Bayram tədbirinin sonunda tamaşaçılara tanınmış müğənnilərin ifalarından ibarət konsert proqramı təqdim olunub.

İlk dəfə Xaçmazda keçirilən idman bayramının respublikamızın digər bölgələrindəki bütün olimpiya idman komplekslərində təşkili nəzərdə tutulub.