Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov şikayətçi olan vətəndaşın evinə gedib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı teleprodüser Üzlüfət Burayeva yayıb. O bildirib ki, bir neçə gün əvvəl jurnalist Günay Malikqızı adıçəkilən icra başçısı ilə görüşünü paylaşıb. Hər şey Burayevanın həmin paylaşıma yazdığı rəylə başlayıb: “Şərh yazmışdım ki, Badamdara da gəlsin. Sonra icra başçısının müavini Vüqar Şıxməmmədov mənə yazdı:
– Başçını Badamdara dəvət etmisiz. Şikayətiniz var?
Cavab yazdım:
-Bəli, var”.
Teleprodüser qeyd edib ki, müavin bu cavabdan sonra söhbəti uzatmayıb:
“Bu gün evimin həyətində oturub, samovara da od salıb dincəlirdik. Rayon İcra Hakimiyyətindən zəng gəldi. Bildirdilər ki, icra başçısı hazırda Badamdardadır və mənimlə görüşmək, şikayətimi dinləmək istəyir. Ünvanı dedim. Saat 17:30-da gələcəyini söylədilər. Sözün düzü, inanmadım”.
Burayeva bildirib ki, saat 17:30-da qapısı döyülüb və Vüqar Zeynalov gəlib:
“Şikayətləri də dinlədi. Onların həlli barədə, eləcə də İcra Hakimiyyəti tərəfindən görülən işlərdən də danışdıq. İnanın, çox xoş oldu”.