Tərtərdə şəhid olan Azərbaycan hərbçisi torpağa tapşırılıb

Bu gün Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu torpağa tapşırılıb.

“Rubin.az” Report-a istinadən  xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, idarə və təşkilat işçiləri, əsgərin hərbçi yoldaşları və yerli sakinlər iştirak ediblər.

2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.

***18:49

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!