Leyla Əliyeva olimpiada qalibləri ilə görüşdü – Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər əldə etmiş və medallar qazanmış şagirdlərlə görüşüb.

“Rubin.az” xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov Leyla Əliyevaya liseyin fəaliyyəti, görüşdə Bakıdan və digər bölgələrdən iştirak edən şagirdlər barədə məlumat verib.

Bildirilib ki, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi ölkənin bütün bölgələrindən istedadlı şagirdləri bu təhsil ocağına imtahan yolu ilə qəbul edir. Hazırda burada 559 şagird təhsil alır. Onlardan 135-i qız, qalanları isə oğlandır. Müxtəlif bölgələrdən olan 100-dən çox şagird liseyin yataqxanasında yaşayır.

Nazir qeyd edib ki, bu lisey ölkədə beynəlxalq olimpiadalara hazırlıq üzrə üç mərkəzdən biridir. Nazir həmçinin 2018-2019–cu tədris ilində şagirdlərimizin 1-i qızıl, 10-u gümüş, 12-si bürünc olmaqla 23 medal qazandığını diqqətə çatdırıb. Nazir onu da əlavə edib ki, bu il avqustun 4-dən 11-dək Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şagirdlərin nailiyyətləri ilə maraqlanıb, onlarla söhbət edib. Sonra Leyla Əliyeva şagirdlərə Heydər Əliyev Fondunun hədiyyələrini təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.