Ali təhsil müəssisələrinə onlayn sınaq imtahanına qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə yeni onlayn sınaq imtahanına qeydiyyat başlayıb.

“Rubin.az” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir.

Artıq qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı növbəti sınaq imtahanına qeydiyyat başlayıb. İmtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.

İmtahanda iştirak haqqı 3 manatdır.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.