Emin Milli İlham Əliyevə təşəkkür etdi – “ Azərbaycana qayıdım …”

Bloqqer Emin Milli prezident İlham Əliyevə dünənki əfv sərəncamına görə təşəkkür edib.

“Rubin.az” xəbər verir ki, o, təşəkkür müraciətində Azərbaycana qayıdıb, prezidentdən müsahibə almaq istədiyini bildirib:

“İlham Əliyevə bu gün xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir.
Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir.  İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o Meydan TV-də müsahibə verəcək və tariximizdə yeni bir mərhələnin gəldiyini bəyan edəcək.İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.