ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymadığını bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu sözləri cümə günü Los-Ancelesdə keçirilən ianə toplaması aksiyası zamanı deyib.
“Bilirəm ki, çoxları mənim şişirtdiyimi düşünürdü, lakin biz onun (Putin- red.) hücuma keçməyə hazırlaşdığını təsdiqləyən məlumatlara malik idik. Zelenski və bir çox insan isə bunu eşitmək belə istəmirdi”, – deyə o bildirib.
Co Baydenin sözlərinə görə, həmin vaxt həqiqətən Rusiya prezidenti Vladimir Putinin tammiqyaslı işğal planına malik olduğu ehtimalı çox uzaq görünə bilərdi. “Mən ayrı cür düşünənləri başa düşürəm, lakin budur Rusiya artıq içəridədir”, -deyə ABŞ prezidenti qeyd edib.
Co Bayden Vladimir Putini Ukraynanın “millət və mədəniyyətini məhv etməyə çalışmaqda” ittiham edərək və Rusiya liderinin Kiyevi “Ana Rusiyanın taxtı” olaraq gördüyünü söyləyib.