“Heç nə zorakılıq və qanun pozuntusu üçün əsas ola bilməz”
Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib, şüşəni sındıraraq içəriyə daxil olub. Qazilərin dövlət qurumunun binasına bu cür daxil olması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu cür davranışın təəssüf doğurduğunu bildirib:
“Qazilərimiz bizim baş tacımız, vətənin igid müdafiəçiləridir. Biz 44 günlük Vətən müharibəsində tarixi zəfərə məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində nail olmuşuq. Bu mənada şəhid ailələrinə, qazilərə diqqət və qayğı hər kəsin mənəvi borcudur. Bu, birmənalıdır. Lakin bunu da unutmayaq ki, dövlət də, cəmiyyət də qanunlarla idarə olunur və qanun hamı üçün birdir. Qanun heç kimə, hətta qaziyə də dövlət qurumuna bu cür daxil olmağa icazə vermir. Bu cür davranış qanun pozuntusu olmaqla yanaşı, ətrafdakı digər insanlar üçün də mənfi nümunədir. Sevincidiricidir ki, binanın mühafizəsini həyata keçirən polis əməkdaşı yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərərək qəzəbli qazini bağrına basdı, prosesdlərin daha da gərginləşməsinə yol vermədi”.
Polkovnik qeyd edib ki, heç kim qanundan üstün deyil və ola da bilməz:
“Bu baxımdan hər kəsin, o cümlədən qazilərimizin öz hüquqlarını təmin etmək istərkən yalnız və yalnız qanuni vasitələrdən istifadə etməsi mütləqdir. Ola bilsin ki, hansısa dövlət qurumunda hansısa məmur qazilərin müraciətinə laqeyd yanaşıb, yaxud onunla bağlı ədalətli qərar qəbul etməyib. Əgər belə bir hal varsa, o zaman qazilərimiz həmin məmurdan, onun yarıtmaz fəaliyyətindən əlaqədar instansiyalara şikayət ünvanlamalıdır. Belə olarsa, həmin məmur həm qanun çərçivəsində cəzalanar, həm də qazilərimiz zorakı davranış sərgiləmək, daha sonra bu davranışa görə qanun qarşısında cavab vermək məcburiyyətində qalmazlar. Hər il yüzlərlə məmurun işində yol verdiyi nöqsanlara görə cəzalanması məmurlarla bağlı şikayətlərə həssaslıqla yanaşıldığına nümunədir və qazilərimiz əmin ola bilər ki, onların da şikayəti hökmən diqqətlə araşdırlacaq.
Ümid edirəm ki, bundan sonra həm qazilərimiz, həm də məmurlarımız bu məsələdə xüsusi həssaslıq sərgiləyəcək və biz bir daha bugünkü kimi arzuedilməz olaya şahid olmayacağıq”.