Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, liderlər Ukrayna-Rusiya müharibəsindəki son vəziyyəti müzakirə ediblər.
Ərdoğan telefon danışığı zamanı Ukrayna ilə Rusiya arasında danışıqların davam etdirilməsi üçün hər cür səy göstərdiklərini və bundan sonra vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi verməyə hazır olduqlarını bildirib.
Türkiyə Prezidenti Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhliz yaradılması layihəsinə xüsusi əhəmiyyət verdiyini dilə gətirib.
O, tərəflərin və Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə yaradılacaq İdarəetmə Mərkəzində iştirak etmək və mərkəzin İstanbulda yerləşdirilməsi prinsipinə müsbət baxdıqlarını sözlərinə əlavə edib.
Qeyd edək ki, Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə də müharibəni müzakirə edib.