Adil Əliyev: “2020-ci il tariximizin ən şanlı səhifəsidir”

020-ci ilin əvvəllərindən etibarən dünyada baş verən pandemiyanın təsirləri təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Covid-19 infeksiyasının yaratdığı pandemiya şəraiti dünyada formalaşmış qaydaların dəyişməsi ilə nəticələndi. Pandemiyanın dünya iqtisadiyyatını çökdürməsinə və ölkələrin bir çoxunun asılı vəziyyətə düşməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə vaxtında atılan doğru addımlar nəticəsində pandemiyanın ölkəmizə təsirləri minimuma endirildi. Bunun nəticəsidir ki, iqtisadi inkişafın əsas göstəricilərini müəyyən edən “Doing business-2020” hesabatında ölkəmiz ən islahatçı 20 ölkə sırasına daxil edildi.

Pandemiyanın yaratdığı ən ciddi problemlərdən biri də tibbi maska və tibbi ləvazimatların çatışmazlığı idi. Tibbi maskanın çatışmazlığının qarşısını almaq məqsədilə regionda ilk olaraq ölkəmizdə tibbi maska istehsal edən müəssisə açıldı, dərhal modul xəstəxanalar quruldu, tibbi personalın təkmilləşdirilməsi, həmçinin bütün növ tibbi avadanlıqlar və dərman vasitələrinin təmin olunması nəticəsində Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi xəstəliyə qarşı ən yaxşı və sistemli mübarizə aparan ölkə olaraq seçdi.

Pandemiya dünyada tibbi sahəylə yanaşı, eyni zamanda sosial, xüsusilə təhsil, işsizlik və s. sahələrdə çətinliklər yaratdı. Pandemiyanın yayılması ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi zamanı vətəndaşlarımızın evdə qalmasına görə dövlət tərəfindən onlara maddi yardımların verilməsi təmin olundu. Həmçinin, təhsil alanların təhsil prosesindən kənarda qalmaması məqsədilə qısa müddət ərzində distant təhsilə keçid, təhsilin proqram təminatı yaradılana qədər televiziya vasitəsilə teledərslərin keçirilməsi nəticəsində pandemiyanın bu sahəyə vura biləcəyi zərər minimuma endirildi.

2020-ci il Azərbaycan xalqı üçün Zəfər tariximizin ən Şanlı səhifəsi oldu. Ermənistanın 2020-ci ilin iyun ayından etibarən bir neçə ay ərzində ardıcıl törətdiyi təxribatların qarşısı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qətiyyətlə alındı. Dəfələrlə Ermənistana xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmədi.

Nəticədə, Ali Baş Komandanın “İrəli” əmriylə Rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı başlandı. Hansı ki, bu hərbi əməliyyat təkcə bizim deyil, istifadə edilən taktika və texnika baxımından dünyanın hərb tarixində yeni bir səhifə oldu. Qəhrəmanlarımız döyüş meydanında böyük şücaət göstərərək Ermənistana məxsus olan texnikaları məhv etməklə, bir çox texnikanı qənimət olaraq ələ keçirməklə, habelə erməni hərbi qulluqçularını əsir götürməklə Ermənistan ordusunu darmadağın etdilər.

Bu müharibə dövründə qəhrəmanlarımızla yanaşı, hamımız cəbhədə idik. Xalqımız cənab Prezidentin “Bir birlikdə güclüyük!” şüarını rəhbər tutaraq istər ön cəbhənin təminatında, istərsə də informasiya meydanında düşmənə sarsıdıcı zərbələrin vurulması, habelə Ermənistanın törətdiyi vəhşiliklərin dünyaya çatdırılması sahəsində üzərinə qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəldi.

44 gün davam edən müharibə Ermənistanın tam məğlubiyyəti ilə başa çatdı və düşmən ağ bayraq qaldıraraq təslim olmağa, habelə məğlubiyyət sənədi olan kapitulyasiya aktını imzalamağa məcbur oldu. İmzalanmış bəyanat bizim müharibədə və diplomatiyada olan qələbəmizin əyani təcəssümüdür. Bu sənədin şərtləri əsasında Ağdam şəhəri və ətraf kəndlərindən, Kəlbəcər və Laçın rayonlarından erməni qoşunları çıxarıldı, bir güllə belə atmadan əzəli və əbədi torpaqlarımıza qovuşduq. Diplomatik qələbəmiz isə, təbii ki, döyüş meydanında Ordumuz tərəfindən qazanılmış qələbə, həmçinin ölkə başçısının dünyaya nümayiş etdirdiyi qətiyyətin vəhdəti sayəsində mümkün oldu. Sənəddə nəzərdə tutulmuş və Naxçıvanla Azərbaycanın uzun illərdən sonra quru yolu ilə birləşməsini təmin edəcək məqam isə çox mühüm idi.

Diplomatik qələbəmizdə həm də hazırda rəhbərlik etdiyimiz, dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatına üzv olan dövlətlərin ölkəmizin haqlı mövqeyini dəstəkləməsi olduqca vacib idi. Xarici ölkələrlə qurulan əlaqələr, diplomatik müstəvidə aparılan danışıqlar erməni xislətini özlərində əks etdirən dövlətlərin bizə qarşı atmaq istədiyi addımların qarşısını qətiyyətlə aldı.

2020-ci il Azərbaycan xalqının həmrəyliyini bütün dünyaya göstərdi. 2021-ci ildə isə bizi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması kimi böyük hadisə gözləyir.

Qazanılmış tarixi Zəfər, Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə xalqımızı təbrik edir, hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında belə sıx birləşməsini arzu edirəm.