Milli Məclisin növbəti plenar iclası keçirilib

Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

Rubin.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova iclası açaraq gündəliyə 13 məsələnin daxil edildiyini bildirib.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan ilk iki qanun layihəsi Azərbaycan Prezidentinin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsidir. Gündəliyin ikinci məsələsi bu dəyişikliklə əlaqədar olaraq “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsidir. Birinci layihə ad dəyişikliyi ilə bağlıdır, ikinci layihə isə uyğunlaşdırma xarakteri daşıyır. Hər iki qanun layihəsini bir oxunuşda qəbul etməliyik.

Sonra regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihələri barədə məlumat verib. Bildirilib ki, Şamaxı rayonunun inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Məsələ ilə bağlı Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparılıb, yerli sakinlərin münasibəti öyrənilib. Coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılması məqsədəuyğundur.

Layihəyə əsasən, Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılır, Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilir.

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi ilə bağlı Siyavuş Novruzov bildirib ki, bələdiyyələrin siyahısının Şamaxı rayonu bölməsində Saqiyan bələdiyyəsinin adı Günəşli bələdiyyəsi ilə, Saqiyan kəndinin adı Günəşli kəndi ilə əvəz olunur.

Müzakirələr zamanı deputatlar Tahir Kərimli və Aydın Mirzəzadə məsələ barədə öz fikirlərini açıqlayıblar. Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli öz çıxışında Saqiyan sözünün mənşəyi barədə məlumat verib, kəndin Günəşli adlandırılmasında onun yerləşdiyi coğrafi ərazinin xüsusiyyətlərinin nəzərə alındığını deyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri deyib ki, gündəliyin növbəti 10 məsələsi ikinci oxunuşda olan qanun layihələridir.

Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə bildirib ki, məsələ ilə bağlı deputatlar tərəfindən hər hansı irad və təklif daxil olmayıb.

Layihəyə əsasən, məcəllənin 950.1-ci maddəsində nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki növbəti iki məsələni – “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Əmanətlərin sığortalanması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini ikinci oxunuşda təqdim edib. Komitə sədri birinci oxunuş zamanı deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəyə əsasən, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılaraq cari ilin dekabrın 4-də başa çatıb. Bununla əlaqədar olaraq təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.

“Əmanətlərin sığortalanması haqqında” Qanuna təklif olunan dəyişikliyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması nəzərdə tutulub. Sənəddə, eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

Qanun layihəsinə görə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması da nəzərdə tutulub.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Fəzail Ağamalı, Vahid Əhmədov, Mahir Abbaszadə, Qüdrət Həsənquliyev, Rüfət Quliyev qanun layihələri barədə öz fikirlərini bildirdikdən sonra hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər barədə (ikinci oxunuş) əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə Məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilir. Əlavədə deyilir ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım günüdür. Həmin gün iş günü hesab edilir.

Qeyd edilib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

“Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) sənədləri elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev diqqətə çatdırıb. Qeyd edilib ki, hər iki qanun layihəsinin birinci oxunuşu zamanı heç bir əlavə və təklif edilməyib.

Birinci layihəyə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur.

“Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılması və verilməsi məqsədilə hazırlanıb.

Deputat Rauf Əliyev öz fikirlərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda ikinci oxunuşda qəbul edilib.

Gömrük Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini ikinci oxunuşda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov təqdim edib. Bildirilib ki, hər iki məcəlləyə ediləcək dəyişiklik iqtisadi fəallığın və şəffaflığın təmin olunmasına yönəlib. Birinci oxunuşdan sonra deputatlardan heç bir irad və təklif daxil olmayıb.

Gömrük Məcəlləsində və Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər gömrük orqanları tərəfindən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman yol vergisinin sərhəddə alınması ilə yanaşı, gömrük rəsmiləşdirilməsi yerlərində də alınmaqla, xarici ticarət iştirakçıları tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən sürətli keçidini tənzimləməklə, mal dövriyyəsinin sürətləndirilməsinin və vaxt itkisinin minimuma endirilməsinin nizama salınmasında mühüm rol oynayacaq.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki digər iki məsələ – Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə ikinci oxunuşda Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, məqsəd bundan sonrakı dövrdə də parlamentin işinin videokonfrans formatında aparılmasının hüquqi bazasının yaradılmasıdır.

Nəzərdə tutulan dəyişikliklər karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi məsələlərini özündə əks etdirir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirilib ki, qanun layihəsi kommersiya təşkilatları tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Layihədə orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi qaydasının iri sahibkarlıq subyektləri ilə eyni hüquqi rejimə gətirilməsi, həmçinin kiçik sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən aparılması nəzərdə tutulur.

Məsələ ilə bağlı deputat Razi Nurullayev çıxış edərək öz fikirlərini bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin iclası başa çatıb.