Gürcüstanın nüfuzlu report.ge portalı Azərbaycandakı xristian icmaları rəhbərləri Fransa Prezidenti Emmanuel Makrona müraciətini yayıb.
AZƏRTAC-a istinadla verilən xəbər ingilis, rus və gürcü dillərində oxucuların diqqətinə çatdırılıb.
Müraciətdə deyilir ki, Azərbaycanda yaşayan xristian icmaları Fransa prezidentinin Latviyaya son səfəri zamanı etdiyi çıxışdan narazıdır və onun fikirləri icma üzvlərinin heysiyyətinə toxunur.
İcma üzvləri bildirirlər ki, Azərbaycan bizim vətənimizdir və biz xristianlar əsrlər boyunca burada öz dini ibadət və tələbatlarımızı heç bir maneə olmadan həyata keçiririk, öz mənəvi dəyər və mədəni ənənələrimizi yüksək səviyyədə yaşatmaq imkanlarına malikik. Biz multikulturalizmi dövlət siyasəti qismində həyata keçirən dövlətimizlə və Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi olmağımızla fəxr edirik.
Biz vətəndaşı olduğumuz Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan sərhədləri daxilində öz torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəsinə dair yanlış fikirlərin səsləndirilməsinə etirazımızı bildiririk.
Sənəddə, həmçinin vurğulanır ki, erməni tərəfinin ərazi iddiaları səbəbindən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dini müstəvidə təqdim edərək, beynəlxalq səviyyədə xristian-müsəlman qarşıdurması kimi qələmə vermək istəyən rəsmi Yerevanın əsas məqsədi xristian təəssübkeşliyinə nail olmaq, özlərinə tərəfkeş, qaxmar çıxacaq dövlətlər aramaqdan ibarətdir.
Fransa kimi inkişaf etmiş demokratik dəyərlərin bünövrəsində duran bir ölkənin Prezidenti kimi sizin çıxışlarınızda tarixi həqiqətləri, bugünkü reallıqları təhrif edən fikirlər eşitmək üzücüdür.
Xristian dini icmalarının üzvləri ümidvar olduqlarını bildiriblər ki, Makron Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq qurum – ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olaraq, vasitəçi statusuna layiqli tərəfsizlik nümayiş etdirərək, beynəlxalq hüququn prinsip və normalarına riayət olunması üçün daha artıq səy göstərəcək, BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməsinə yardımçı olacaq.