Prezident İlham Əliyev məktəbdəki təmir işləri ilə tanış olub – Fotolar

Prezident İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

“Rubin.az”  xəbər verir ki, dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlib. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq.

Yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.

Təhsil ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin direktoru Aygün Əzizovaya deyib:

-Şagirdlərə və valideynlərə mənim salamımı çatdırın.

Prezident İlham Əliyevin 251 nömrəli məktəblə tanışlığı təkcə təhsil ocağının kollektivi üçün deyil, ətrafda yaşayan sakinlər üçün də yaddaqalan oldu. Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını salamladılar.