Göyçay şəhərində füsunkar görünüşə malik olan Bayraq muzeyi fəaliyyət göstərir.
“Bayrağımız – Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir.” Bu fikri Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev hər zaman çıxışlarında qeyd etmişdir. Həqiqətən hər bir vətəndaşın borcudur ki, dövlət rəmzi olan bayrağını sevsin və ona hörmət etsin.
Rubin.az xəbər verir ki, rayonun Heydər Əliyev parkında yerləşən muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına eləcə də ümumilikdə dövlətçiliyimizə böyük xidmət göstərilir. Bir mərtəbədən ibarət olan bayraq muzeyinin ətrafına yaşıllıqlar salınıb, dekorativ ağaclar və gül-çiçəkləri becərilərək əkilib. Göyçay bayraq muzeyinin baş direktoru Nicat Mahmudov Axar.az-ın bölgə müxbirinə bildirib ki, 2017 , 2018-ci illər ərzində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tərəfindən muzeyin inşa olunmasına başlanılıb. Tikinti işləri 2019-cu ildə tam olaraq başa çatıb. Həmin ilin 9 noyabr tarixində yəni, Dövlət Bayrağı günündə sözügedən muzeyin açılışı olub. Açılış tarixi bayraq gününə təsadüf etməsi ilə yanaşı həm də Göyçayda hər il keçirilən nar bayramına da təsadüf edib. Məhz bu səbəbdən də bura gələn yerli qonaqlar həm də xarici ölkələrin turistləri muzey ilə yaxından tanış olub. Muzey binası bütün standartlara uyğun olaraq tikilib. Xüsusi ilə tikilinin gecə və gündüz saatlarında işıqlandırma sistemləri də vardır. N.Mahmudovun sözlərinə görə, XVIII əsrin II yarısına aid olan xəritə tablosu da muzeyin daxilində əks edilir ki, muzeyə gələn məktəblilər və gənc tələbələr xəritə ilə yaxından tanış olan zaman dövlətimizin çox böyük əraziyə malik olduğunu bilirlər.
Muzeyin ümumi sahəsi 360 kvadratmetr təşkil edir. Memarlıq abidəsində Azərbaycan Respublikasının dövlət himninin sözləri qeyd olunub. Bayraq binasında dövlət bayrağı ilə yanaşı Azərbaycan ərazisində vaxtı ilə mövcud olmuş dövlətlərin də bayraqları nümayiş olunur. Həmçinin burada XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinin mərasim geyim forması, Fövqəladə Hallar Nazirliyinin bayrağı və geyim forması sərgilənir.
Xatırladaq ki, binada müxtəlif dövlət rəmzləri də qorunaraq saxlanılır.