İyulun 10-da qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyul 2020-ci il tarixində əvvəlki illərin məzunları üçün sərtləşdirilimiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçiriləcək.

“Rubin.az”  xəbər verir ki, imtahanlar respublikanın 41 şəhər və rayonunda baş tutacaq.

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.