Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa zəruri ehtiyac olduğunu bildirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə böyük təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya
Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.
Ötən dövr göstərdi ki, pandemiya ciddi sağlamlıq problemləri yaratmaqla bərabər sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Bugün bu təhlükələrin qarşısının alınması üçün böyük dövlətlər və beynəlxalq təşkilatların qlobal liderliyinə çox böyük ehtiyac var. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan, tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də keçirilən QH-nin Təmas
Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşündə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru,
Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Bu tarixi onlayn Zirvə görüşündə cənab Prezident İlham Əliyev öz çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini bildirdi. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə
razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. 130-a qədər BMT üzv dövləti
tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT
sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmişdir. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş
Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Dünya dövlətləri bu təşəbbüsü alqışlayır və bildirilir ki, Xüsusi sessiyanın əhəmiyyəti çox böyükdür və COVİD- 19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya
gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır. Bu sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. Ötən dövr göstərir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin QH-da sədrliyi dönəmində dövlətimiz dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini daim davam etdirəcəkdir. Bütün Azərbaycan xalqı qürur hissi keçirir və fəxr edir ki, onun dövlət başçısı yalnız öz xalqının deyil, bütün bəşəriyyətin sağlamlığını düşünür və bu fonda qlobal problemlərin həllində dünyabirliyinin və həmrəyliyinin ən böyük təşəbbüskarıdır.
Fəqət ŞADLİNSKAYA,
YAP Bərdə rayon təşkilatının sədri