Korrupsiyaya yol vermiş orta məktəb direktoruna cinayət işi AÇILDI

İşə düzəlmək üçün rüşvət alan məktəb direktoru barədə cinayət işi başlanılıb.

Baş Prokurorluqdan “Rubin.az” a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

Araşdırma zamanı Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

C.Səfərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.